İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Azərbaycanda narazılıqla qarşılanıb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda qərarın tarixi faktların siyasiləşdirilməsi kimi qiymətləndirildiyini bildirib.
XİN qeyd edib ki, 1915-ci il hadisələrinin hüquqi və elmi əsaslar deyil, siyasi yanaşmalar əsasında dəyərləndirilməsi tarixi həqiqətlərin təhrif olunmasına səbəb olur. Bildirilib ki, belə addımlar xalqlar arasında etimadın möhkəmlənməsinə deyil, mövcud fikir ayrılıqlarının daha da dərinləşməsinə xidmət edir.
Rəsmi Bakı hesab edir ki, bu cür qərarlar Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına da mənfi təsir göstərir. Bu səbəbdən Azərbaycan İsrail hökumətini qəbul etdiyi qərarı yenidən gözdən keçirməyə çağırıb.
Bəyanatda vurğulanıb ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq tarixi həqiqətlərin qorunması və regionda sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
