Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar olaraq əhaliyə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması barədə müraciət edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, müraciətdə taxıl tədarükünün ölkənin ərzaq təminatında mühüm rol oynadığı vurğulanır. Bildirilir ki, tez alışan xüsusiyyətə malik taxıl sahələrinin yanğından qorunması ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biridir.
Nazirlik qeyd edir ki, biçin mövsümü ilin isti və quraq dövrünə təsadüf etdiyindən yanğın riski daha da artır. Bu səbəbdən əhali, təsərrüfat sahibləri və biçin prosesində iştirak edən şəxslər yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir.
Müraciətdə aşağıdakı əsas qaydalar diqqətə çatdırılır:
– Taxıl sahələrində kibrit yandırmaq, açıq oddan istifadə etmək, siqaret çəkmək və yaxınlıqda tonqal qalamaq qəti qadağandır. Siqaret çəkmək üçün xüsusi yerlər ayrılmalıdır;
– Hərəkət zamanı tam söndürülməmiş siqaret kötüyü, kibrit, yanar maddələrlə islanmış materiallar, eləcə də şüşə qab və qırıntıların ətrafa atılması yolverilməzdir;
– Taxıl sahələrinin ətrafı mütəmadi olaraq quru ot və tullantılardan təmizlənməlidir;
– Biçin texnikaları ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı və işə başlamazdan əvvəl texniki baxışdan keçirilməlidir;
– Texnikanın sahədə saxlanılması, gecə vaxtı yanacaq doldurulması, yanacaq və yağların ətrafa tökülməsi və əlavə ehtiyatların saxlanılması qadağandır;
– Tarla düşərgələri, xırmanlar və küləş tayaları yerləşən sahələr yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
– Əkin sahələri ilə meşə, avtomobil və dəmiryol xətləri arasında mühafizə zolaqları yaradılmalıdır;
– Yanğın baş verdikdə iş dərhal dayandırılmalı, ətrafdakılar məlumatlandırılmalı, ilkin vasitələrlə yanğının qarşısı alınmalı və “112” qaynar xəttinə məlumat verilməlidir.
Həmçinin qeyd olunur ki, biçindən sonra sahələrin yandırılması qanunvericiliklə qadağandır və bu kimi hallara görə inzibati məsuliyyət nəzərdə tutulur.
Nazirlik bir daha xatırladır ki, təhlükəsizlik qaydalarına laqeyd yanaşma ciddi fəsadlara səbəb ola bilər.
Təhlükə zamanı “112” qaynar xəttinə zəng edin.
