15 iyul 2026-cı il tarixindən etibarən Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, yeni əsginas bir sıra müasir texnologiyalar və təhlükəsizlik elementləri ilə təchiz olunub.
Yeni 100 manatlıq əsginasın əsas yenilikləri aşağıdakılardır:
Əsginasın ön tərəfində Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunub.
Üçölçülü mikrogüzgü effektli holoqram və rəngi dəyişən dinamik “Manat” simvolu (“Spark Flow Prime”) tətbiq edilib.
Görmə məhdudiyyətli şəxslər üçün kənar hissələrdə xüsusi qabarıq xətlər yerləşdirilib ki, bu da nominalın toxunaraq müəyyən edilməsinə imkan yaradır.
Banknotun arxa tərəfi ən son qlobal trendlərə uyğun olaraq şaquli dizaynda hazırlanıb.
Qeyd edək ki, hazırda dövriyyədə olan köhnə 100 manatlıq əsginaslar qüvvədə qalır. Onlar yeni pullarla paralel şəkildə istifadə olunacaq və dəyişdirilməsi məcburi deyil.
