Lənkəranda məişət zorakılığı hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Boladi kəndində qeydə alınıb.
İttiham aktına əsasən, 53 yaşlı Faiq Xıdırov (şərti adla) yaşadıqları evdə keçmiş həyat yoldaşının mobil telefon istifadə etdiyini görərək buna etiraz edib. Tərəflər arasında yaranan mübahisə zamanı qadının onu sözlərlə təhqir etdiyi bildirilir.
Mübahisə daha sonra fiziki zorakılığa çevrilib. Belə ki, kişi qadının sifətinə ardıcıl zərbələr endirib. Zərbələrin təsirindən qadın başı ilə divara çırpılaraq yerə yıxılıb. Hadisə nəticəsində zərərçəkənin üç qabırğası sınıb, həmçinin sifət və bud nahiyəsindən xəsarətlər aldığı müəyyən edilib.
Faktla bağlı Faiq Xıdırov saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onlar 6 il əvvəl boşansalar da, eyni evdə yaşamağa davam ediblər. O, keçmiş həyat yoldaşını uşaqların tərbiyəsinə laqeyd yanaşmaqda ittiham edib. Bildirilib ki, onların birgə nikahdan 5 övladı var və iki qızları artıq ailə qurub.
Məhkəmə prosesində tərəflərin barışdığı və zərərçəkmiş şəxsin şikayətçi olmadığı qeyd olunub. Nəticədə məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Faiq Xıdırov məsuliyyətdən azad olunub.
