Tiktoker Aybəniz Xəlilovanın (Bəniz) sevgilisindən şantaj yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm elan edilib.
Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən hədə-qorxu ilə tələb etmə və xuliqanlıq ittihamları məhkəmə istintaqı dövründə tam sübuta yetirilib.
Məhkəmənin hökmünə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəniz 2024-cü ilin sonunda qeyri-rəsmi münasibətdə olduğu biznesmen Xalid Kərimovun şikayəti əsasında saxlanılmışdı. Zərərçəkmiş şəxs ilkin mərhələdə hüquq-mühafizə orqanlarına müraciət etsə də, daha sonra mövqeyini dəyişərək məhkəmədə şikayətinin olmadığını bildirib və onun azadlığa buraxılmasını xahiş edib.
Buna baxmayaraq, məhkəmə ittihamın ağırlığını və zərərçəkmişin ifadələrindəki ziddiyyətləri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılması barədə qərar verib.
