Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, görüş zamanı son günlər Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribatçı, təhqiramiz və təhdid xarakterli fikirlərdən ciddi narahatlıq ifadə olunub və Azərbaycan tərəfinin qəti etirazı Rusiya nümayəndəsinə çatdırılıb.
XİN-dən bildirilib ki, xüsusilə avqustun 13-də “Çistota ponimaniya” layihəsində, avqustun 7-də “Sputnik” radiosunda, avqustun 9-da “YouTube” platformasında və avqustun 16-da “Spas” telekanalında yayımlanan materiallarda Azərbaycan rəhbərliyinə qarşı səsləndirilən fikirlər diqqətə çatdırılıb.
Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə olunması, Azərbaycan xalqına və dövlət rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışların səsləndirilməsi qəbuledilməz hesab edilib.
Qeyd olunub ki, Azərbaycan tərəfinin əvvəlki çağırışlarına və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, Rusiyanın informasiya məkanında analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur.
Görüşdə Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasının dayandırılması üçün Rusiya tərəfindən təxirəsalınmaz və təsirli tədbirlərin görülməsinin vacibliyi bir daha vurğulanıb.
