“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxs barəsində hökm elan olunub.
Məhkəmədə müəyyən edilib ki, Emil Səməndərovun xüsusilə külli miqdarda dələduzluqla bağlı ittihamı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqlənib. Araşdırmalar zamanı eyni mənzilin bir neçə şəxsə satıldığı da sübuta yetirilib.
Məhkəmənin hökmü ilə Emil Səməndərova ittiham olunduğu maddənin yuxarı həddi üzrə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Emil Səməndərov bir müddət əvvəl iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə də gündəmə gəlmişdi. Buna səbəb televiziya verilişlərindən birində Axundovun onu “dələduz” adlandırması olub.
Səməndərov həmin ifadənin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan səsləndirilməsini təhqir və böhtan kimi qiymətləndirərək İsfəndiyar Axundovun məsuliyyətə cəlb olunmasını tələb edib. Lakin məhkəmə şikayəti əsassız hesab edərək İsfəndiyar Axundov barəsində bəraət hökmü çıxarıb.
