Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycana səfərlə bağlı yaydığı xəbərdarlığa münasibət bildirib.
“ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığının “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” ilə əsaslandırılmasını qətiyyətlə rədd etdiklərini bildirib.
Ayxan Hacızadənin sözlərinə görə, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun aparılan məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və ölkənin məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.
XİN rəsmisi Fransanın Azərbaycana qarşı bu cür ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almadığını qeyd edib.
A.Hacızadə həmçinin Fransa tərəfinin beynəlxalq hüquq pozuntuları, irqçilik, diskriminasiya və insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı fəaliyyətinin də diqqətdən kənarda qalmadığını vurğulayıb.
Azərbaycan XİN Fransanı Azərbaycanla bağlı, nazirliyin fikrincə, əsassız və qərəzli iddialardan çəkinməyə, Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə, ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcək yanaşmalara son qoymağa çağırıb.
