Gürcüstan hökuməti Tbilisidə yerləşən və uzun illər gizli saxlanılan, SSRİ rəhbəri İosif Stalinə aid olduğu bildirilən nadir şərab kolleksiyasının olduğu anbarın möhürünü açaraq bu tarixi sərvəti satışa çıxarmağa hazırlaşır.
“İlkinxeber.az ” ın məlumata əsasən, dövlətə məxsus kolleksiyada təxminən 40 min ədəd nadir Fransa və Gürcüstan istehsalı şərab saxlanılır. Hökumət bu unikal kolleksiyanı hərrac yolu ilə satmağı planlaşdırır. Əldə olunacaq vəsaitin isə ölkədə peşəkar şərabçılıq məktəbinin yaradılmasına yönəldilməsi nəzərdə tutulur.
Qeyd edək ki, kolleksiyanın tarixi kifayət qədər maraqlıdır. Burada vaxtilə Rusiya imperatoru III Aleksandr və onun oğlu II Nikolaya məxsus olan Bordo bölgəsinin məşhur şərab evlərinin məhsulları da yer alır. 1917-ci il Oktyabr inqilabından sonra Romanovlar sülaləsindən müsadirə edilən bu kolleksiya sonradan Stalinin istifadəsinə verilib. Şərab həvəskarı kimi tanınan Stalin illər ərzində bu zirzəmini seçilmiş gürcü şərabları ilə daha da zənginləşdirib. Kolleksiyadakı bəzi nümunələrin tarixi isə XIX əsrin əvvəllərinə qədər uzanır.
