İLKİNxeber.az xəbər verir ki, bu barədə “BakıKart” xidmətindən məlumat verilib.
Məlumata görə, hazırda 2 manata satılan “BakıKart” kartlarının qiyməti iyulun 1-dən 3 manat olacaq.
Bildirilib ki, kartlar 2015-ci ildən sərnişinlərin istifadəsinə verilsə də, ötən müddətdə satış qiymətində heç bir dəyişiklik edilməyib. Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində yaranan artım səbəbindən qiymətə yenidən baxılması qərara alınıb.
Qeyd olunub ki, son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları genişləndirilib. Hazırda sərnişinlər “BakıKart”la yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kodlardan istifadə etməklə də ödəniş edə bilirlər.
Məlumatda vurğulanıb ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Yeni qərar yalnız ilk dəfə əldə edilən “BakıKart”ların satış qiymətinə aiddir.
