İLKİNxeber.az informasiya agentliyinin “Tasnim” agentliyinə istinadən əldə etdiyi məlumata görə, İranın sabiq Ali Rəhbəri Seyid Əli Xamenei ilə bağlı rəsmi vida və dəfn mərasiminin vaxtı dəqiqləşdirilib.
Məlumata əsasən, “Tasnim” agentliyi bildirib ki, sabiq dini liderlə bağlı dəfn prosesi ilə əlaqədar yerli və xarici mediada yayılan bir sıra tarix və vaxtla bağlı fərziyyələr həqiqəti əks etdirmir. Qeyd olunub ki, əvvəlcə üç günlük dövlət vida mərasiminin keçirilməsi nəzərdə tutulsa da, regiondakı təhlükəsizlik vəziyyəti və gərginlik səbəbindən tarixlər bir neçə dəfə dəyişdirilib.
Son qərara əsasən, vida və dəfn mərasiminin iyunun 26dan etibarən Məhərrəm ayının ilk ongünlüyünün başa çatmasından sonra təşkil olunması planlaşdırılır. Mərasimin tam təqvimi və detalları barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Məlumata görə, sabiq Ali Rəhbər öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində yerləşən İmam Rza türbəsində dəfn olunacaq.
Xatırladaq ki, yayılan məlumatlara əsasən Seyid Əli Xamenei fevralın 28də ABŞ və İsrail Müdafiə Qüvvələrinin Tehrana endirdiyi birgə hava zərbələri zamanı yaxın ailə üzvləri ilə birlikdə həlak olub.
