Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa İttifaqı Komissiyasının qərargahında kondisioner sisteminin yalnız aşağı mərtəbələrdə dayandırılması əməkdaşların ciddi narazılığına səbəb olub.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, qərargah binasının aşağı mərtəbələrində yerləşən və əsasən sıravi əməkdaşların çalışdığı ofislərdə elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi səbəbindən kondisionerlər söndürülüb. Buna baxmayaraq, Avropa Komissiyasının rəhbərliyinin və yüksək vəzifəli rəsmilərin yerləşdiyi yuxarı mərtəbələrdə soyutma sistemi fəaliyyətini davam etdirib.
Məlumata görə, Komissiya rəhbərliyi əməkdaşlara günün ən isti saatlarında açıq havaya çıxmamağı, bol maye qəbul etməyi və iş gününə daha erkən başlamağı tövsiyə edib. Lakin kondisionersiz işləyən əməkdaşlar bu tövsiyələrin mövcud problemi aradan qaldırmadığını bildiriblər.
“Politico” nəşrinin yaydığı məlumata əsasən, anonim danışan əməkdaşlardan biri vəziyyəti “feodal yanaşması” kimi qiymətləndirib, digəri isə qəbul edilən qərarı “utancverici” adlandırıb. Maraqlıdır ki, binanın yuxarı mərtəbələrində çalışan bəzi işçilər də kondisioner işləməsinə baxmayaraq, ofislərdə temperaturun yüksək olduğunu bildiriblər.
Qeyd edək ki, 13 mərtəbədən ibarət binada Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin kabineti 13-cü mərtəbədə yerləşir. Komissiyanın üzvlərinin, baş direktorların və digər yüksək vəzifəli şəxslərin əksəriyyətinin iş otaqları da 8-ci və daha yuxarı mərtəbələrdə yerləşir.
Xatırladaq ki, son günlər Belçikada müşahidə olunan rekord isti hava şəraiti ölkədə, xüsusilə də Aİ institutlarının yerləşdiyi binalarda əlavə çətinliklər yaradıb.
