Cinayət işlərinin, törədilən cinayətlərin və həmin əməlləri törədən şəxslərin qeydiyyatı, eləcə də cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların hazırlanması bundan sonra yalnız Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.
İlkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.
Qərardan əvvəl cinayətlərin və cinayət işlərinin uçotu DİN-lə yanaşı, Hərbi Prokurorluq tərəfindən də aparılırdı. Yeni qaydalara əsasən, Müdafiə Nazirliyi də uçot aparan orqanların siyahısına daxil edilib.
Bununla yanaşı, Müdafiə Nazirliyi DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müvafiq sənədləri təqdim edən qurum kimi müəyyənləşdirilib. Əvvəllər bu prosedur Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumlarına da şamil olunurdu.
Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil ediləcək.
Eyni zamanda, hərbi cinayətlər üzrə ayrıca statistik hesabatların hazırlanması mexanizmi ləğv olunub. Əvvəlki qaydalara görə, hərbi qulluqçuların törətdiyi, eləcə də hərbi xidmət əleyhinə yönələn və hərbi hissələrin, müəssisələrin və təşkilatların fəaliyyəti və ya ərazisi ilə bağlı olan cinayətlər Hərbi Prokurorluqda qeydiyyata alınır, statistik hesabatlar isə həmin qurum tərəfindən hazırlanaraq Baş Prokurorluğa göndərilirdi.
Həmçinin hərbi qulluqçuların törətdiyi cinayətlərlə bağlı işlərin ittiham elan edildikdən sonra Baş Prokurorluq vasitəsilə Hərbi Prokurorluğa göndərilməsini nəzərdə tutan norma da qüvvədən düşüb.
