🇦🇿 Bu gün Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə adını qızıl hərflərlə yazdırmış Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasının ildönümüdür.
2010-cu ilin iyunun 18-də cəbhə xəttində xidmət edən Mübariz İbrahimov misilsiz igidlik nümayiş etdirərək təkbaşına düşmən mövqelərinə hücum edib. O, saatlarla davam edən döyüşdə çoxsaylı düşmən qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olub. Onun bu şücaəti Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və vətənpərvərliyin ən ali nümunələrindən biri kimi tarixə düşüb.
Prezidentin sərəncamı ilə Mübariz İbrahimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün onun adı məktəblərə, küçələrə verilir, xatirəsi dərin ehtiramla yad edilir.
Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq Azərbaycan gəncləri üçün örnək olmaqda davam edir. Onun Vətənə sədaqəti, qorxmazlığı və fədakarlığı hər zaman milli ruhun simvolu kimi yaşayacaq.
İLKİNxeber.az informasiya agentliyi
