İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Xocalı rayonunda uzun fasilədən sonra baramaçılıq sahəsində ilk real nəticə əldə olunub. İyunun 19-da rayonda 34 ildən sonra ilk dəfə barama tədarükü həyata keçirilib.
Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidentinin 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatı və aqrar emal sahələrinin inkişafına dair Dövlət Proqramından irəli gələn hədəflərə uyğun olaraq həyata keçirilir. Sənəddə ənənəvi sahələrin dirçəldilməsi və məhsuldarlığın artırılması əsas prioritetlərdən biri kimi müəyyən olunub.
Məlumata görə, son iki ildə Xocalının Daşbulaq kəndi ərazisində 163 hektar sahədə super intensiv tipli tut bağları salınıb. Hər hektara təxminən 10 min ting əkilməsi yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradıb.
Aidiyyəti qurumun rəsmisi İmran Cümşüdov bildirib ki, həyata keçirilən layihələr nəticəsində baramaçılığın bərpası üçün əlverişli şərait formalaşıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfata verilmiş 100 qutu ipəkqurdu uğurla yetişdirilib və ilkin mərhələdə 700 kiloqram barama məhsulu toplanaraq emala təhvil verilib.
Qeyd olunub ki, layihələr yalnız kənd təsərrüfatının inkişafına deyil, həm də “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalıya qayıdan əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir. Artıq bölgədə yeni iş yerləri yaradılıb və yerli sakinlər daimi və mövsümi işlərlə təmin olunur.
Gələcək mərhələdə baramaçılıq təsərrüfatının daha da genişləndirilməsi və daha çox insanın işlə təmin edilməsi planlaşdırılır.
Mütəxəssislər hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası, o cümlədən baramaçılığın inkişafı regionun iqtisadi potensialının artırılması baxımından mühüm rol oynayacaq.
