Masazır sakinlərinə şad xəbər – yeni avtobus xətti fəaliyyətə başlayır
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, iyulun 18-dən etibarən Abşeron rayonunun Masazır qəsəbəsində ictimai nəqliyyatın fəaliyyəti genişləndirilir və yeni avtobus xətləri istifadəyə verilir.
Məlumata görə, 525 nömrəli marşrut xətti yenilənərək iki istiqamət üzrə – 525A və 525B kimi fəaliyyət göstərəcək. Bu dəyişiklik Masazır ərazisində yaşayan vətəndaşların, xüsusilə “Yeni Bakı”, “Qurtuluş-93” və “Zəngilan şəhərciyi” yaşayış komplekslərinin sakinlərinin nəqliyyat imkanlarını yaxşılaşdırmağa xidmət edir.
Yeni marşrutlardan biri “Yeni Bakı” yaşayış kompleksindən başlayaraq “Memar Əcəmi” metro stansiyasına qədər hərəkət edəcək və avtobuslar 6–7 dəqiqə intervalla işləyəcək. Digər istiqamət isə “Zəngilan şəhərciyi”ndən eyni metro stansiyasına qədər xidmət göstərəcək və burada interval 10 dəqiqə olacaq.
Bundan əlavə, Masazır daxilində hərəkəti asanlaşdırmaq üçün 524 nömrəli əlavə marşrut da fəaliyyət göstərəcək. Xətlər üzrə sərnişinlərə müasir, ekoloji cəhətdən təmiz avtobuslar xidmət edəcək, ödəniş isə nağdsız şəkildə həyata keçiriləcək.
Bu yeniliklərin əsas məqsədi ərazidə yaşayan insanların gündəlik gediş-gəlişini daha rahat və sürətli etməkdir.
