İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda son illər birinci sinfə gedən uşaqların sayında ciddi azalma müşahidə olunur.
2026–2027-ci tədris ilində ölkə üzrə təxminən 124 min uşağın I sinfə gedəcəyi gözlənilir. Bu göstərici 2016–2017-ci tədris ili ilə müqayisədə təxminən 40 min nəfər və ya 24,4 faiz azdır. Həmin tədris ilində I sinfə gedən uşaqların sayı 164 min olub.
Doğum statistikasında da azalma tendensiyası diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-ci ildə Azərbaycanda 112 284, 2022-ci ildə 122 846, 2023-cü ildə 112 620, 2024-cü ildə 102 310, 2025-ci ildə isə 95 875 uşaq doğulub.
2026-cı ilin tam göstəriciləri hələ açıqlanmasa da, ilin ilk altı ayında ölkədə 40 800 uşaq dünyaya gəlib.
Mövcud tendensiya davam edərsə, qarşıdakı illərdə məktəbə başlayan uşaqların sayında daha ciddi azalma gözlənilir. Hesablamalara görə, 2032-ci ildə Azərbaycanda I sinfə təxminən 81 min uşağın gedəcəyi proqnozlaşdırılır. Bu isə hazırkı göstəricidən təxminən 43 min nəfər azdır.
Beləliklə, 2016–2026-cı illər ərzində I sinfə gedənlərin sayında təxminən 40 min nəfərlik azalma olduğu halda, növbəti 6 ildə azalmanın daha 43 min nəfər təşkil edə biləcəyi bildirilir.
Bu rəqəmlər Azərbaycanda doğum sayının azalmasının yaxın illərdə təhsil sistemində də özünü daha ciddi şəkildə göstərə biləcəyinə işarə edir.
Azərbaycanda məktəbə gedən uşaqların sayı kəskin azalır
Şərh edilməmiş
