Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üzrə elektron müraciətlərin qəbul tarixləri açıqlanıb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, köçürülmə prosesində yalnız ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində oxuyan, təhsil aldıqları dövr ərzində tədris proqramı üzrə müəyyən edilmiş kreditlərin ən azı yarısını toplayan tələbələr iştirak edə biləcəklər.
Müraciətlərin qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayacaq və 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra istifadəçi adı və şifrə ilə sistemə daxil olub elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.
Namizədlərə müraciət zamanı təqdim etdikləri məlumatların düzgünlüyünü diqqətlə yoxlamaq, həmçinin proses üzrə müəyyən edilmiş vaxt çərçivəsinə ciddi əməl etmək tövsiyə olunur.
