İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə, həmçinin tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ixtisas seçimi 28 avqustdan 2 sentyabr saat 23:59-dək davam edəcək.
Qeyd olunur ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər boş qalan plan yerləri və kolleclər üzrə keçirilən müsabiqədə iştirak edə bilməzlər.
İxtisas seçmək hüququ olan abituriyent ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçərək elektron ərizəyə istədiyi ardıcıllıqla daxil etməli və ərizəni təsdiqləməlidir.
Abituriyent ali təhsil müəssisələrinin ixtisaslarını seçərkən dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaq istəyini də qeyd etməlidir. Eyni ixtisas üzrə hər iki müsabiqədə iştirak etmək istəyənlər həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməlidirlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları isə jurnalın 5-ci sayında dərc olunub.
Subbakalavrlar da ixtisas seçə bilərlər
Subbakalavrlar da 28 avqust–2 sentyabr tarixlərində ixtisas kodlarını elektron ərizəyə daxil edib təsdiqləməlidirlər.
Onlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun ixtisasları seçə bilərlər.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent və subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək üçün abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal ən azı 50, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı isə ən azı 10 olmalıdır. Xarici dil fənni üzrə minimum bal tələbi tətbiq edilmir.
Boş plan yerlərinə və kolleclərə ixtisas seçimi başladı
Şərh edilməmiş
