İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, teleaparıcı Nigar Fərhadın saxlanılması onun rəhbərlik etdiyi “AİD Group” şirkətinin fəaliyyəti ilə bağlı araşdırmaları yenidən gündəmə gətirib.
Xaricdə təhsil xidmətləri göstərən şirkətin rəhbərliyinə qarşı başlanmış cinayət işi üzrə zərərçəkənlərin sayının artdığı bildirilir. Şikayətçilər narazılıqlarını sosial şəbəkələrdə də ictimailəşdirməyə başlayıblar.
Məlumata görə, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq həbs edilib. Bu barədə “Baku.es” məlumat yayıb.
Hazırda çoxsaylı vətəndaş şikayətləri əsasında Nigar Fərhad Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülür.
Məlumata əsasən, gün ərzində Nigar Fərhad barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi gözlənilir.
Qeyd edək ki, məsələ ilə bağlı hüquqi proses davam edir.
