İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Daxili İşlər Nazirliyi (DİN) tələbələrə kirayə mənzillərlə bağlı yayılan saxta elanlardan ehtiyatlı olmağı tövsiyə edib.
Nazirlikdən bildirilib ki, dələduzlar xüsusilə tələbələrin mənzil axtarışından istifadə edərək müxtəlif platformalarda saxta kirayə elanları yerləşdirirlər. Bu şəxslər mənzilin “saxlanılması” və ya “beh” adı ilə əvvəlcədən pul tələb edir, ödəniş həyata keçirildikdən sonra isə əlaqəni kəsirlər.
DİN vətəndaşlara, xüsusilə tələbələrə aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edir:
🔹 Mənzili şəxsən görmədən və məlumatların doğruluğuna əmin olmadan heç bir halda pul göndərməyin;
🔹 Elanı yerləşdirən şəxsin kimliyini və təqdim etdiyi mənzil barədə məlumatları yoxlayın;
🔹 Bazar qiymətindən nəzərəçarpacaq dərəcədə aşağı olan təkliflərə şübhə ilə yanaşın;
🔹 “Təcili beh göndərin”, “başqa müştəri var” kimi tələsdirici tələblərə aldanmayın.
Nazirlik şübhəli elan və ya dələduzluq halı ilə qarşılaşan şəxsləri bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.
