İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Palau bayrağı altında üzən, “Cunda” şirkətinə məxsus “Svetoslava” adlı quru yük gəmisi Qara dənizdə batıb.
Məlumata görə, hadisə gecə saatlarında gəmi Türkiyənin Samsun limanından Moldovanın Giurgiulesti limanına doğru hərəkətdə olarkən baş verib. Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil.
Gəminin göyərtəsində ümumilikdə 13 nəfər – 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşı olub.
Sahil təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində bütün heyət üzvləri xilas edilib. Xilas olunan dənizçilər tibbi müayinədən keçirilmək üçün xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
