İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin böyük əksəriyyəti uğurlu nəticə göstərib.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim, keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, 2022-ci ildən 2026-cı ilədək keçirilən sertifikatlaşdırma imtahanlarında ümumilikdə 104 min 435 müəllim iştirak edib. O bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırmanın hər iki mərhələsi tamamlanıb. Tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üçün isə birinci mərhələ yekunlaşıb.
Emin Əmrullayev qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən müəllimlərin, demək olar ki, hamısı ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Hazırda təhsil sistemində çalışan hər beş müəllimdən birinin yeni işə qəbul edilən müəllim olduğunu diqqətə çatdıran nazir bildirib ki, imtahanlarda uğur qazanan 60 min 818 müəllimin əməkhaqqısı 10 faiz, yüksək nəticə göstərən 30 min 590 müəllimin əməkhaqqısı isə 35 faiz artırılıb.
Nazirin açıqlamasına əsasən, ümumilikdə 91 min 408 müəllimin əməkhaqqısına əlavə tətbiq olunub. Sertifikatlaşdırma imtahanında hər iki cəhddə uğur əldə edə bilməyən 9 min 334 müəllimin isə əmək müqaviləsinə xitam verilib.
Emin Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırma imtahanlarında iştirak edən hər 10 müəllimdən 9-u müsbət nəticə əldə edib.
