Cəlilabad rayonunun Alar kəndi Azərbaycanın minlərlə kəndi kimi sakit görünə bilər. Amma bu sakitliyin altında böyük ürəklər döyünür. O ürəklərdən biri də 19 yaşında şəhadətə qovuşan Əkbər Hüseynli idi.
Əkbər Azər əminin və Ruhiyyə xanımın oğlu idi. Ailənin tək oğlu… Bir ocağın bütün ümidlərinin ünvanı. Ata üçün arxa-dayaq, ana üçün ömür nuru, bacısı Zeynəb üçün sipər idi. Hər valideyn övladını böyüdərkən gələcək planları qurur. Amma bəzən tale o planları daha uca bir yazı ilə əvəz edir, şəhadət yazısı ilə.
Əkbər mənim üçün də uzaq biri deyildi. O, mənim əmim nəvəsi idi. Həm də oğlum Aminin sinif yoldaşı… Eyni partanı bölüşən, eyni dərslərə hazırlaşan, eyni məktəb həyətində gülən iki gəncdən biri.
Əkbər sakit təbiətli, amma daxilən möhkəm iradəli bir gənc idi. Vətən anlayışı onun üçün sadəcə coğrafi məkan deyildi. Torpaq onun üçün namus idi, əmanət idi. O, bunu sözlə yox, duruşu ilə göstərirdi.
15 yaşında Kərbəla ziyarətində olmuşdu. Bu, təsadüfi bir səfər deyildi. Kərbəla bir məktəbdir. Fədakarlığın, haqq uğrunda can verməyin məktəbi. O torpağı ziyarət edən bir gəncin qəlbində şəhidlik anlayışı başqa cür formalaşır. Əkbər də bu ruhla böyüyürdü. O, şəhadətə romantik bir duyğu kimi yox, müqəddəs bir vəzifə kimi baxırdı.
Ailənin tək oğlu olmaq böyük məsuliyyətdir. Hər kəs belə bir halda daha çox özünü qorumağı seçər. Amma Əkbər seçim etmədi, o, çağırışı qəbul etdi. Çünki onun üçün Vətən hər şeydən öncə gəlirdi.
19 yaş… Ömrün başlanğıcı. Arzuların ən təzə vaxtı. Amma Əkbər üçün bu yaş son yox, əbədiyyətin başlanğıcı oldu. Azər əmi bir oğul itirdi. Ruhiyyə xanım bir balasını torpağa tapşırdı. Zeynəb bir qardaşını… Amma Azərbaycan bir şəhid qazandı.
Bu gün Zeynəb böyüyüb, tibb bacısıdır. İnsanlara şəfa verir. Bəlkə də həyatın qəribə ədalətidir: qardaş canını Vətənə verdi, bacı canlara həyat verir. Bir ailənin ağrısı başqa insanların sağalmasına çevrilir.
Əkbərin şəhadəti Alar kəndinin tarixində qürurla yazılan bir səhifədir. Onun adı artıq təkcə ailə yaddaşında deyil, kollektiv yaddaşdadır. Çünki şəhidlik fərdi hadisə deyil, milli hadisədir.
Şəhidlər ölmür. Bu ifadə artıq şüar deyil, reallıqdır. Onlar torpağın yaddaşına hopur, nəsillərin şüurunda yaşayır. Əkbər Hüseynli 19 yaşında ömrünü tamamlamadı, o, onu əbədiləşdirdi.
Vətən üçün yaşamaq böyük şərəfdir.
Vətən üçün ölmək isə əbədiyyətin zirvəsidir.
Ruhu şad olsun…
