Azərbaycanda etibarnamə əsasında idarə olunan avtomobillərin icbari sığortalanması qaydalarında mühüm dəyişiklik edilib.
İLKİNxeber.az xəbər verir ki, Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalara əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı birdən çox olduqda sığorta haqqı hesablanarkən həmin şəxslər arasında ən yüksək risk göstəricisinə malik sürücünün sığorta tarixçəsi nəzərə alınacaq.
Yeni mexanizm etibarnamə yolu ilə avtomobil idarə edən şəxslərlə yanaşı, icarə və digər hüquqi əsaslarla nəqliyyat vasitəsindən istifadə edən şəxsləri də əhatə edir. Bu o deməkdir ki, avtomobil sahibinin qəza tarixçəsi olmasa belə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan digər şəxslərin risk göstəriciləri sığorta haqqına təsir göstərəcək.
Dəyişikliklərin əsas məqsədi qəza törətmiş sürücülərin yüksək sığorta haqqından yayınmaq üçün avtomobili başqa şəxsin adına sığortalatmasının qarşısını almaqdır. Bundan sonra riskli sürücü etibarnamə verməklə əlavə ödənişdən yayına bilməyəcək.
Yeni qaydalar çərçivəsində hazırda tətbiq olunan “Bonus-Malus” sistemi də ləğv edilərək fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu sistemə görə, üçüncü şəxslərin əmlakına və ya sağlamlığına zərər vurulmasına səbəb olan hər hadisə üçün sürücünün sığorta haqqına 30 faiz əlavə tətbiq ediləcək.
Mövcud qaydalara əsasən, avtomobili yalnız bir nəfər idarə etdikdə 1, iki və ya daha çox şəxs idarə etdikdə isə 1.15 əmsalı tətbiq olunur. Yeni dəyişiklikdən sonra 1.15 əmsalı yalnız avtomobili idarə etmək hüququ olan şəxslərin sayı beş və ya daha çox olduqda qüvvədə olacaq. Beş nəfərdən az olduqda isə 1 əmsalı tətbiq ediləcək.
Qeyd edək ki, yeni qaydalar 16 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.
