Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə daha bir yeniyetmənin batdığı ehtimal olunur.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə ilə bağlı dünən axşam Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə nəzarətsiz çimərlik ərazisində bir nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və dərhal axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal olunan ərazidə axtarış işləri fasiləsiz davam etdirilir.
Qeyd edək ki, ötən gün eyni ərazidə baş vermiş digər faciə zamanı bacı və qardaşın dənizdə boğulduğu bildirilmişdi. Onlardan birinin meyiti sudan çıxarılsa da, digər şəxsin axtarışları hələ də davam edir.
