İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Xankəndi şəhərində ehtiyatsızlıq nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Hadisə şəhər ərazisində fəhlələrin yaşadığı binada qeydə alınıb. Belə ki, tikinti şirkətlərindən birində çalışan Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Rəşad Əliyev işlədiyi ərazidə kiplənmiş barıt aşkarlayıb. O, həmin sursatı götürərək yaşadığı evdə saxlayıb.
Bir müddət sonra evinə qayıtmağa hazırlaşan R.Əliyev sursatı özü ilə aparmaq istəyib. Lakin ölçüsü böyük olduğundan onu çantasına yerləşdirə bilməyib. Bu səbəbdən o, barıtı hissələrə bölmək üçün evdə laqundadan istifadə edib.
Bu zaman barıt alışaraq güclü partlayış baş verib və yanğın yaranıb. Hadisə nəticəsində Rəşad Əliyev və onun otaq yoldaşı, iş yoldaşı İsgəndər Hüseynov ağır yanıq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılsa da, İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Rəşad Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmünə əsasən, o, ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. R.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
