Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 34 nəfər isə itkin düşmüş hesab olunur. Dağ yamacının uçması yaşayış ərazisinə ciddi ziyan vurub, 10-dan çox ev dağılıb.
Məlumata əsasən, ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılır. Hadisə yerinə cəlb olunan yüzlərlə xilasedici dağıntılar altında qalan insanları xilas etməyə çalışır. İndiyədək 10 nəfər sağ çıxarılıb.
Təhlükəsizlik məqsədilə bölgədən 1100-dən çox sakin təxliyə olunub. Eyni zamanda, mümkün əlavə risklərin qarşısını almaq üçün hadisə ətrafında 1 kilometr radiusda su, qaz və elektrik təchizatı dayandırılıb.
Bildirilir ki, torpaq sürüşməsinə iyulun 17-də baş verən zəlzələ səbəb olub.
Axtarış-xilasetmə tədbirləri davam edir.
