ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni, ABŞ nümayəndəsi Cared Kuşner Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara başlayıblar.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, ABŞ nümayəndə heyətini Kiyevdə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar.
Uitkoff və Kuşnerin Ukraynalı rəsmilərlə görüşündə əsas diqqətin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərə yönəldiyi bildirilir. Daha sonra ABŞ nümayəndələri Volodimir Zelenski ilə Müqəddəs Sofiya kafedralının qarşısında görüşüblər.
Zelenski ABŞ nümayəndələri ilə danışıqlardan əvvəl Ukrayna nümayəndə heyəti ilə xüsusi müşavirə keçirib.
Kiyevdə keçirilən danışıqların birinci raundunun başa çatdığı, ikinci mərhələnin keçirilməsinin planlaşdırıldığı açıqlanıb. Növbəti raundda Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, Uitkoff və Kuşner Kiyevə səfər etməzdən əvvəl sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Kremlin məlumatına görə, üç saatdan çox davam edən qapalı görüşdə Ukrayna münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub.
Rusiya tərəfi ABŞ nümayəndələrinin danışıqlara ciddi təkliflərlə gəldiyini bildirib. Kiyevdə keçirilən görüşdə isə hansı konkret məsələlər üzrə razılığın əldə edildiyi hələ açıqlanmayıb.
