İsveç mediası qarşıdan gələn bələdiyyə şurası seçkilərində Mötədillər Partiyasından Yevle şəhərinin bələdiyyə şurasına namizədliyini irəli sürən 18 yaşlı Rihad Ələkbərov haqqında reportaj hazırlayıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, İsveçin SVT telekanalı Yevle bələdiyyə şurasına namizədlər arasında ən gənc və ən yaşlı namizədləri diqqət mərkəzinə gətirib.
Reportajda bildirilib ki, Rihad Ələkbərovun 18 yaşı cəmi bir neçə gün əvvəl tamam olub. Seçkilərin ən yaşlı namizədi isə Yaşıllar Partiyasını təmsil edən, 95 yaşlı yamaykaəsilli Ken Kubulensodur.
Yaşları arasında 77 il fərq olan namizədlər siyasətə münasibətlərini və cəmiyyətin inkişafına töhfə vermək istəklərini bölüşüblər.
Rihad Ələkbərov müsahibəsində İsveçdə alkoqol satışına dövlət inhisarının qorunmasını dəstəklədiyini bildirib. Bu mövqe onun təmsil etdiyi Mötədillər Partiyasının bir sıra nümayəndələrinin yanaşmasından fərqlənir.
95 yaşlı Ken Kubulenso isə gənc namizədə siyasətdə fəaliyyətini davam etdirməyi, cəmiyyətin yaxşılaşdırılması və inkişafı üçün çalışmağı tövsiyə edib.
