Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermiş Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev vəfat edib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, sənətkar 94 yaşında İsraildə dünyasını dəyişib. Ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Tofiq Mirzəyev uzun illər Azərbaycan teatrı və kinosunda parlaq fəaliyyəti ilə seçilib. O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində canlandırdığı yaddaqalan obrazlarla milli kino tarixində özünəməxsus yer tutub və tamaşaçıların böyük rəğbətini qazanıb.
Qeyd edək ki, Tofiq Mirzəyev 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülüb, həmçinin “Şöhrət” ordeni ilə təltif edilib.
ilkinxeber.az informasiya agentliyi olaraq, görkəmli sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
