Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti açıqlama yayıb.
Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və Özbəkistanın rifahı naminə həyata keçirdiyi ali dövlət fəaliyyətində yeni uğurlar arzulayıb.
Şavkat Mirziyoyev göstərilən diqqət və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkür edib, öz növbəsində Azərbaycan xalqına firavanlıq və inkişaf diləklərini çatdırıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin önəmi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyi qeyd olunub.
Həmçinin tərəflər gələcək təmasların davam etdirilməsi ilə bağlı razılığa gəlib, qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
