Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Göygöl rayonunda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası baş tutub.
İclasda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Görüşdə üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Əvvəlki iclaslarda əldə edilən razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Orta Dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi, elektron məlumat mübadiləsinin genişləndirilməsi və sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması əsas müzakirə mövzuları olub.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, risklərin idarə edilməsi, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə edilib.
Görüşün yekununda əldə olunmuş razılaşmaları əks etdirən protokol imzalanıb.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası da keçirilib.
Bu iclasda Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, TIR və e-TIR mexanizmlərinin inkişafı, sərhədkeçmə proseslərinin sürətləndirilməsi və yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması məsələləri müzakirə olunub. Tərəflər həmçinin məlumat mübadiləsinin genişləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası və risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşün yekununda müzakirə olunan məsələləri və əldə edilən razılaşmaları əks etdirən protokol imzalanıb.
Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Şərh edilməmiş
