İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul olunub.
Qərar hər iki tərəfin məhkəmə iclasının yenidən qapalı keçirilməsi ilə bağlı verdiyi vəsatətlər əsasında verilib. Zərərçəkən tərəf sosial şəbəkələrdə yayılan paylaşımlarda yer alan mənfi rəyləri əsas gətirərək prosesin qapalı keçirilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə isə bildirib ki, iş üzrə azyaşlı şahidlər ifadə verəcəklər. O, həmçinin qeyd edib ki, proseslə bağlı yayılan xəbərlərdən sonra sosial şəbəkələrdə təqsirləndirilən şəxs və ailəsi barədə nalayiq rəylər yazılır. Bu səbəbdən vəkil də iclasın qapalı keçirilməsini xahiş edib.
Məhkəmə vəsatətləri təmin edərək prosesin qismən qapalı keçirilməsi barədə qərar çıxarıb. Qərarda qeyd olunub ki, ədalət mühakiməsinin düzgün aparılması və iştirakçıların sərbəst ifadə verməsi üçün bu addım atılıb. Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Baş Prokurorluğun yaydığı məlumata əsasən, şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb və fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
