ABŞ Senatı Rusiya və İrana qarşı yeni sanksiya tədbirlərini ehtiva edən ikipartiyalı qanun layihəsi üzrə razılığa gəlib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, “Bloomberg”in məlumatına əsasən, sənəd ABŞ Prezidenti Donald Trampa Rusiya nefti və təbii qazının əsas alıcılarına, həmçinin Moskvanın enerji sektoruna tətbiq edilən sanksiyalardan yan keçməyə yardım edən ölkələrə qarşı əlavə rüsumlar tətbiq etmək səlahiyyəti verir.
Qanun layihəsinə görə, ABŞ-yə idxal olunan Rusiya məhsullarına 500 faizə qədər rüsum tətbiq oluna bilər. Bundan əlavə, Rusiya neft və qazının ən böyük beş alıcısına, eləcə də sanksiyalardan yayınmağa dəstək verən ölkələrə qarşı 100 faizlik əlavə tariflər nəzərdə tutulur.
Sənəd eyni zamanda 1996-cı ildə qəbul edilmiş İrana qarşı sanksiyalar haqqında qanunun müddətinin 2031-ci ilə qədər uzadılmasını ehtiva edir. Bu çərçivədə İranla əməkdaşlıq edən qeyri-ABŞ şirkətlərinə qarşı ikinci dərəcəli iqtisadi sanksiyaların tətbiqi planlaşdırılır. Qanunun mövcud müddəti isə bu il başa çatmalı idi.
Məlumata görə, Donald Tramp daha əvvəl senator Lindsi Qremin təşəbbüsü ilə irəli sürülən bu qanun layihəsini dəstəkləyib. Layihə üzrə prosedur səsverməsinin iyulun 28-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bəzi demokratlar sənədə etiraz edərək, prezidentin geniş tarif səlahiyyətlərindən sui-istifadə edə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
ABŞ Nümayəndələr Palatasının hazırda avqust tətilində olması səbəbindən qanun layihəsinin ən tez sentyabr ayında qüvvəyə minəcəyi gözlənilir.
