Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi potensialının gücləndirilməsində rol oynayan 1 600-dən çox şirkəti əhatə edə biləcək yeni sanksiyalar paketi üzərində işləyir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, paket qəbul edilərsə, sanksiya tətbiq olunan Rusiya təşkilatlarının sayı təxminən 50 faiz artacaq.
Məlumata görə, məhdudiyyətlərin şamil oluna biləcəyi şirkətlərin ümumi illik dövriyyəsi 20 milyard dolları ötür, bu müəssisələrdə çalışan işçilərin sayı isə 265 mindən çoxdur.
Qeyd olunur ki, bu paket Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində şirkət sayına görə ən genişmiqyaslı tədbir ola bilər. Əvvəlki sanksiyalardan fərqli olaraq, yeni paket ayrı-ayrı məhsulları və ya iqtisadi sahələri deyil, əsasən konkret şirkətləri hədəf alacaq.
Mənbələrin sözlərinə görə, sənəd üzərində iş bir neçə aydır davam edir və yaxın həftələrdə rəsmi təklifin Aİ üzv ölkələrinə təqdim olunacağı gözlənilir. Planlaşdırılır ki, məsələ Aİ xarici işlər nazirlərinin oktyabr ayında keçiriləcək iclasında müzakirəyə çıxarılsın.
Bununla belə, “Bloomberg” qeyd edir ki, yeni sanksiya paketinin Rusiyanın neft sektoru və bank sisteminə tətbiq olunan əvvəlki məhdudiyyətlər qədər ciddi iqtisadi təsir yaratması gözlənilmir.
