Elektron attestatlarla bağlı yaranan vəziyyət peşə təhsili müəssisələrinə qəbul prosesində müzakirələrə səbəb olub.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, elektron attestatların hələ də təqdim edilməməsi qəbul zamanı müəyyən çətinliklər yaradır. Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə qəbul üçün elektron sistemdə attestatın yerləşdirilməsi tələb olunur, lakin bu sənədlərin sistemə yüklənməməsi narazılıqlara səbəb olur.
Ekspert qeyd edib ki, bu vəziyyət məktəblər və valideynlər arasında anlaşılmazlıqlar yaradır: “İxtisas seçimi avqustun 10-dək davam edir, lakin təəssüf ki, attestatlar hələ də ‘mygov’ platformasında yerləşdirilməyib”.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi isə iddiaları təkzib edib. Qurumdan bildirilib ki, cari ildə məzun olan şəxslərdən attestatın nömrəsi və tarixinin təqdim edilməsi tələb olunmur və vətəndaşlar bu məlumatları daxil etmədən müraciət prosesini davam etdirə bilərlər.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul iyulun 23-dən başlayıb. İxtisas seçimi avqustun 10-dək davam edəcək. Qəbul prosesi 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə ümumilikdə 33 120 plan yeri üzrə aparılır. Bu yerlərin 24 425-i dövlət sifarişi əsasında, 8 695-i isə ödənişli əsaslarla ayrılıb.
