İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Energetika Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən sənəd istilik təchizatı sahəsində qurğuların təhlükəsiz və texniki tələblərə uyğun istismarını tənzimləyir.
Qaydalara əsasən, müəyyən güc və temperatur hədlərinə malik istilik enerjisi istehsal edən qurğular, buxar və su istilik sistemləri, nasos stansiyaları, həmçinin kondensatın toplanması və qaytarılması sistemlərinin istismarına dair tələblər müəyyənləşdirilib.
Sənəd fərdi istilik sistemlərinə, istilik elektrik stansiyalarına, eləcə də dəniz və çay gəmilərində, dəmir yolu və avtomobil nəqliyyatında istifadə olunan qurğulara şamil edilmir.
Qaydalara görə, istilik qurğularına yalnız müvafiq hazırlıq keçmiş və ixtisas dərəcəsinə malik heyət xidmət göstərməlidir. Qurğuların sahibi və ya istismarçısı lazımi ixtisaslı işçi heyətinə malik olmalı, yaxud bu sahə üzrə ixtisaslaşmış podratçı cəlb etməlidir.
İstilik qurğularının isti hissələri, boruları, çənləri və yanıq riski yaradan digər elementləri istilik izolyasiyası ilə təmin edilməlidir. Qurğuların elektrik avadanlıqlarının quraşdırılması və istismarı isə müvafiq təhlükəsizlik və texniki istismar qaydalarına uyğun həyata keçirilməlidir.
İstilik qurğuları fəaliyyət göstərdikləri istilik təchizatı subyektlərində qeydiyyata alınacaq. Qaydaların tələblərinə əməl olunmasına və yanacaq-enerji ehtiyatlarından səmərəli istifadəyə nəzarəti Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirəcək.
Bundan əlavə, istilik təsərrüfatına cavabdeh şəxs əməyin mühafizəsi üzrə bilik yoxlanışından keçdikdən sonra istilik təchizatı subyektinin rəhbərinin sərəncamı ilə təyin ediləcək.
Yeni qaydalar istilik qurğularının təhlükəsiz, səmərəli və müəyyən edilmiş texniki standartlara uyğun istismarının təmin edilməsinə yönəlib.
Azərbaycanda istilik qurğularının istismar qaydaları təsdiqlənib
Şərh edilməmiş
