Son zamanlar böyük şair və mütəfəkkir İmadəddin Nəsimiyə qarşı qəribə bir hücum dalğası müşahidə olunur. Ən maraqlısı isə budur ki, əsrlər əvvəl Nəsiminin qarşısında dayanan düşüncə ilə bu gün onu ittiham edən düşüncə arasında qəribə bir oxşarlıq var.
Nəsimi öz dövründə də rahat buraxılmadı. Onun sözündən qorxdular, düşüncəsindən narahat oldular, insan haqqında dediklərini qəbul edə bilmədilər. Çünki Nəsimi insanı yalnız itaət edən varlıq kimi görmürdü. O, insanın daxilindəki qüdrəti, mənəvi azadlığı, özünü dərk etmək imkanını görürdü.
Nəsiminin fəlsəfəsinin mahiyyətini anlamadan onun ayrı ayrı misralarını çəkib mühakimə etmək isə ən azı ədalətsizlikdir.
Nəsimi şair idi. Amma yalnız şair deyildi. O, sözün arxasında dayanan böyük bir fikir adamı idi. Onun poeziyasında fəlsəfə vardı, irfan vardı, sual vardı, üsyan vardı. Ən əsası isə insanı düşünməyə məcbur edən bir ruh vardı.
Bu gün Nəsimini tənqid edənlərin bir qisminin problemi də elə budur. Onlar Nəsimini oxumaq istəmirlər, onu öz hazır qəliblərinə yerləşdirmək istəyirlər.
Amma Nəsimi qəlibə sığmır.
Onu yalnız bir dini mübahisənin içərisinə salmaq da mümkün deyil, yalnız bir tarixi şəxsiyyət kimi təqdim etmək də. Nəsimini başa düşmək üçün onun yaşadığı dövrü, hürufilik fəlsəfəsini, təsəvvüf düşüncəsini, Şərq irfanını və insan anlayışını birlikdə nəzərdən keçirmək lazımdır.
Əks halda qarşımıza Nəsimi yox, kiminsə öz məqsədinə uyğun yaratdığı saxta Nəsimi çıxır.
Nəsiminin dərisini soydular, amma sözünü soya bilmədilər.
Onu öldürdülər, amma fikrini öldürə bilmədilər.
Əsrlər keçdi. İndi isə onunla yenidən mübarizə aparmağa çalışanlar meydana çıxıb. Fərq yalnız ondadır ki, bu dəfə qılınc yoxdur. Əvəzində sosial şəbəkələr, səthi mülahizələr və yarımçıq oxunuşlar var.
Amma böyük fikir adamlarının taleyi belədir. Onları hər əsrdə yenidən mühakimə etməyə çalışırlar.
Nəsimini mühakimə etmək istəyənlər əvvəlcə onun qarşısında öz düşüncə səviyyələrini ölçməlidirlər. Çünki Nəsimi haqqında danışmaq asandır, Nəsimini anlamaq isə başqa məsələdir.
Mən Nəsimini bütləşdirməyin də tərəfdarı deyiləm. Böyük şəxsiyyətləri sevməyin ən doğru yolu onları kor-koranə müdafiə etmək yox, onları doğru oxumaqdır.
Amma bilmədən, anlamadan, kontekstdən qopararaq Nəsimiyə hökm vermək elm deyil, tənqid deyil, düşüncə deyil.
Bu, sadəcə, əsrlər əvvəlki cəhalətin yeni formada təkrarlanmasıdır.
Nəsimi yenə danışır.
Və qəribədir ki, əsrlər sonra da onun sözündən narahat olanlar var.
Deməli, Nəsiminin sözü hələ də yaşayır.
Heç nə demirəm…
Təpənizə Nəsiminin külliyyatı boyda daş düşsün.
İlkin Şakiroğlu yazır: Nəsimi yenə susmur
Şərh edilməmiş
