15 İyul gecəsi ilə bağlı yeni iddia 250 nəfərlik təklifin kimdən gəldiyi açıqlanıb
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdlə bağlı hazırlanan “Asırlık Gece” sənədli filminin 6-cı hissəsində diqqətçəkən açıqlama səsləndirilib.
Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş cəhdi baş verən gecə müsəlman dini liderlərdən Türkiyəyə yardım təklifləri aldığını bildirib.
Görmezin sözlərinə görə, Azərbaycan tərəfindən ona zəng edən dini lider özəl təyyarəsinin olduğunu və 250 nəfəri Türkiyəyə gətirə biləcəyini deyib.
“O gecə mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?” deyə həmin şəxsin ona müraciət etdiyini bildirib.
İlahiyyatçı Elşad Miri isə sosial şəbəkə hesabında sənədli filmdən həmin görüntüləri paylaşaraq söhbətin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadədən getdiyini iddia edib.
Miri paylaşımında bu məlumatın diqqətçəkən olduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən açıqlama hazırda sosial şəbəkələrdə və Azərbaycan mediasında geniş müzakirə olunur.
