Britaniyalı milyonçu qadınlara qarşı zorakılıqda ittiham olunur
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Britaniyalı milyonçu Kevin But uzun illər ərzində qadınlara qarşı zorakılıq törətməkdə və onları cinsi zorakılığa məruz qoymaqda ittiham olunur.
İstintaq materiallarına əsasən, But həssas vəziyyətdə olan əcnəbi qadınları müxtəlif iş vədləri ilə yanına dəvət edib. Daha sonra onların fiziki zorakılığa və cinsi təcavüzə məruz qaldığı bildirilir.
Məlumata görə, milyonçu törətdiyi zorakılıqların bir qismini videoya da çəkib. Rəsmilərin əldə etdiyi materiallar arasında onun yanında çalışan qadınlardan birini döydüyünü əks etdirən 18 dəqiqəlik video görüntünün olduğu bildirilir.
İttihamlara görə, Butun qadınlara qarşı zorakılıq fəaliyyəti 1998-ci ildən 2022-ci ilə qədər davam edib. Hazırda ona qarşı 21 epizod üzrə ittiham irəli sürülüb. İttihamlar arasında səkkiz zorlama faktı da yer alır.
Məlumata əsasən, But 1990-cı illərin əvvəllərində həyat yoldaşı ilə birlikdə özəl məktəbə rəhbərlik edib. Həmin dövrdə onun uşaqları qırmancla və əsa ilə cəzalandırdığına dair bir neçə şikayət olduğu bildirilir.
Daha sonra müəllimlik fəaliyyətini dayandıran But at yarışlarına mərc etməyə başlayıb və bu sahədən böyük sərvət əldə edib. Onun Şotlandiyadakı malikanəsində qadınlara qarşı zorakılıqlar törətməyə başladığı iddia olunur.
2002-ci ildə qadın əməkdaşlardan birinin şikayətindən sonra But iki il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda milyonçu barəsində məhkəmə prosesi davam edir. O, irəli sürülən ittihamlarla bağlı məhkəmə qarşısında cavab verməlidir.
