Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarının fəaliyyətinin sentyabrın 15-dək bərpa olunması gözlənilmir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sərnişin qatarının hərəkəti ötən ilin sentyabr ayından müvəqqəti dayandırılıb. Əvvəlcə dəmir yolunda aparılan təmir işləri ilə əlaqədar qatarların hərəkətinin dayandırıldığı açıqlansa da, daha sonra Xırdalan-Biləcəri ərazisində aparılan infrastruktur işlərinin prosesə təsir etdiyi bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) daha əvvəl sözügedən marşrut üzrə qatarların yeni tədris ilinə qədər, yəni sentyabrın 15-dək hərəkətə başlayacağını açıqlamışdı.
Lakin son məlumata görə, bərpa prosesi yenidən yubadılıb.
ADY-dən bildirilib ki, Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi zamanı dəmiryol körpüsünün də bərpasına ehtiyac yaranıb. Hazırda körpüdə aparılan işlər qatarların hərəkətinə təsir göstərir.
Qurumun məlumatına əsasən, əsas məqsəd dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.
Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində də müvəqqəti dəyişikliklər edilib. Xırdalan-Bakı istiqamətində hərəkət sürətinin və istiqamətinin dəyişdirilməsi səbəbindən qatarların yol müddəti müvəqqəti olaraq artıb.
Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reyslərinin sayı 84-dən 90-a çatdırılıb.
ADY bildirir ki, körpünün bərpası başa çatdıqdan sonra həmin ərazidə sürət həddi artırılacaq və qatarların hərəkət cədvəli yenidən tənzimlənəcək.
Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişindaşımanın bərpa ediləcəyi dəqiq tarix isə hələ açıqlanmayıb.
Bakı-Xırdalan-Sumqayıt qatarının bərpası yenə təxirə düşdü
Şərh edilməmiş
