Şəfiqə Məmmədovanın Respublika Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ictimaiyyətdə birmənalı qarşılanmadı. Seçimdən sonra müxtəlif fikirlər səsləndi, tənqidlər yazıldı, qərarın doğru olmadığını düşünənlər oldu. Mən isə bu seçimə bir qədər başqa tərəfdən baxıram və açıq deyirəm ki, Şəfiqə Məmmədovanın sədr seçilməsini doğru hesab edirəm.
Çünki söhbət sıradan bir vəzifədən getmir. Söhbət Azərbaycan kinosunun, onun tarixinin, sənət adamlarının və bu sənətin gələcəyinin təmsil olunduğu bir qurumdan gedir.
Şəfiqə Məmmədova Azərbaycan kino sənətinə kənardan gəlmiş biri deyil. O, illərini bu sənətə verib, kino mühitinin içində yetişib, Azərbaycan mədəniyyətinin tanınmış simalarından birinə çevrilib. Onun sənət yolu haqqında müxtəlif fikirlər söyləmək mümkündür. İstənilən sənətkar kimi onun yaradıcılığı da müzakirə oluna bilər. Amma bütün bunlar onun peşəkar və sənət təcrübəsinə malik olması faktını dəyişmir.
Məncə, burada əsas sual başqa olmalıdır. Şəfiqə Məmmova bu vəzifəyə layiqdirmi?
Mənim cavabım birmənalıdır. Bəli, layiqdir.
Sədr olmaq yalnız yeni ideyalar səsləndirmək, iclas keçirmək və hansısa qərarlara imza atmaq deyil. Sədr ilk növbədə təmsil etdiyi sahənin məsuliyyətini daşımalıdır. Kino haqqında danışmaq üçün kino tarixini, kino adamlarını, bu sənətin keçdiyi yolları və qarşılaşdığı problemləri bilmək lazımdır.
Şəfiqə Məmmovanın isə bunun üçün kifayət qədər sənət və həyat təcrübəsi var.
İndi onun yaşını müzakirə edənlər də olacaq, uzun illərdir sənətdə olmasını üstünlük yox, çatışmazlıq kimi görənlər də. Mən bu yanaşma ilə razı deyiləm. Sənətdə yaş yalnız rəqəm deyil. Əgər insanın topladığı təcrübə hələ də cəmiyyətə və sənətə xidmət edə bilirsə, həmin təcrübəni kənara atmaq yox, ondan istifadə etmək lazımdır.
Amma Şəfiqə Məmmovanı müdafiə etmək o demək deyil ki, qarşıdakı bütün problemlər onun gəlişi ilə avtomatik həll olunacaq.
Azərbaycan kinosunun ciddi problemləri var. Kino adamlarının sosial vəziyyəti, yeni filmlərin çəkilməsi, gənc rejissor və aktyorların dəstəklənməsi, milli kinonun tamaşaçı ilə münasibəti, kino irsimizin qorunması kimi məsələlər uzun müddətdir müzakirə olunur. Yeni sədr bütün bunların öhdəsindən təkbaşına gələ bilməz.
Burada əsas məsələ komandanın necə formalaşacağı, hansı istiqamətdə işləniləcəyi və kino ictimaiyyətinin bu prosesə nə qədər cəlb olunacağıdır.
Şəfiqə Məmmovanın qarşısında əsas imtahan da məhz bundan sonra başlayır.
Mən bu seçimi ona görə doğru sayıram ki, bu vəzifəyə kino sənətinin içindən gələn, Azərbaycan mədəniyyətində öz adı və yaradıcılıq yolu olan bir sənətkar seçilib.
Tənqid etmək haqqımızdır. Hətta tənqid lazımdır. Amma bir insanın seçilməsinə etiraz edərkən onun bütün sənət yolunu da görməzdən gəlmək düzgün deyil.
Mən Şəfiqə Məmmovanı ideal insan və ya bütün problemlərin həlli kimi təqdim etmirəm. Buna ehtiyac da yoxdur. Sadəcə hesab edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyi üçün onun sənət təcrübəsi, kino mühitini tanıması və Azərbaycan mədəniyyətindəki mövqeyi kifayət qədər ciddi əsasdır.
İndi isə söz onundur.
Bu etimadı necə doğruldacaq, hansı addımları atacaq, kino adamlarının hansı problemlərinə toxunacaq və İttifaqı hansı istiqamətdə aparacaq — bütün bunları zaman göstərəcək.
Məncə, yeni sədrə hökm vermək üçün hələ tezdir. Əvvəlcə ona işləmək imkanı vermək, sonra gördüyü işə qiymət vermək daha ədalətli olar.
Mənim mövqeyim budur.
Şəfiqə Məmmovanın seçilməsi mənim üçün təsadüfi və ya yanlış seçim deyil. Əksinə, Azərbaycan kino sənətini yaxşı tanıyan bir sənətkarın həmin sahənin rəhbərliyinə gətirilməsi məntiqli qərardır.
İndi əsas məsələ onun seçilməsi yox, bu etimadı necə doğruldacağıdır.
İlkin Şakiroğlu: Mən Şəfiqə Məmmədovanın seçilməsini niyə doğru hesab edirəm?
Şərh edilməmiş
