Bu gün Vətən torpaqlarının müdafiəsi uğrunda canından keçən şəhid Rəşad Qasımovun anım günüdür.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qasımov Rəşad Ənvər oğlu 29 mart 2003-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. O, Alar kəndində yerləşən R.Quliyev adına 3 saylı tam orta məktəbi bitirib.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Qasımov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı gedən döyüşlərdə iştirak edib. O, 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhid olub.
Rəşad Qasımov hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib, göstərdiyi igidlik və mərdliklə Vətən qarşısında sonadək öz borcunu ödəyib.
Şəhidimiz Azərbaycan Prezidentinin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rəşad Qasımov həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Aradan illər keçsə də, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim yaşayır. Rəşad Qasımov da doğma Cəlilabadın, Alar kəndinin və bütövlükdə Azərbaycanın yaddaşında əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

