Paytaxtın Yasamal rayonunda piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Əbdülvahab Salamzadə küçəsində yerləşən nizamlanmayan piyada keçidində qeydə alınıb.
“ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, piyada keçidində piyadaya yol vermək məqsədilə dayanan avtomobilə arxadan hərəkətdə olan digər nəqliyyat vasitəsi çırpılıb. Toqquşmadan sonra avtomobillərdən birində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlərin təhlükəsiz şəkildə çatması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Qəza zamanı piyada, həmçinin yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsindən çıxaraq xilas olublar.
Hadisə sürücülərin piyada keçidlərinə yaxınlaşarkən diqqətli olmalarının və təhlükəsiz ara məsafəsi saxlamalarının vacibliyini bir daha gündəmə gətirib. Sürücülər nizamlanmayan piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı və piyadalara yol verməlidirlər.
