Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət istiqamətində müvəqqəti dəyişikliklər tətbiq olunacaq.
“ilkinxeber.az” informasiya agentliyi xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, sentyabrın 19-u saat 21:00-dan sentyabrın 21-i saat 00:00-dək 13 marşrut üzrə avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək.
Bu müddətdə 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə hərəkət etdikdən sonra mövcud istiqamətləri üzrə fəaliyyətlərini davam etdirəcəklər.
125 nömrəli avtobus Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək. M9 ekspres marşrutunun “Həzi Aslanov” metrosu istiqamətində hərəkəti isə Dilarə Əliyeva, Kövkəb Səfərəliyeva küçələri və Neftçilər prospekti üzərindən təşkil olunacaq.
Sentyabrın 21-dən 26-dək isə ümumilikdə 26 avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Həmin tarixlərdə 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcəklər. 20, 88A və 120E marşrutlarının şəhər mərkəzi istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri vasitəsilə həyata keçiriləcək.
M9 ekspres marşrutunun “Elmlər Akademiyası” metrosu istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə, əks istiqamətdə isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti üzrə təşkil olunacaq.
5 nömrəli marşrut iki istiqamətdə xidmət göstərəcək. Bunlar “Nəriman Nərimanov” metrosu – Süleyman Rəhimov küçəsi və Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyoru istiqamətləridir.
6 nömrəli marşrut isə “Azadlıq prospekti” metrosu – Axundov bağı və 20-ci Sahə – Bəhram Gur heykəli istiqamətlərində fəaliyyət göstərəcək.
61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təmin ediləcək. 65 nömrəli marşrut isə “İçərişəhər” metrosu istiqamətində Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospektindən keçəcək.
88 nömrəli avtobusun “28 May” metrosu istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçələri ilə təşkil olunacaq.
10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutlar “İçərişəhər” metrosu istiqamətində Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri ilə hərəkət edəcəklər.
125 nömrəli marşrutun “28 May” metrosu istiqamətində hərəkəti isə Lökbatan dairəsi, İpək yolu, Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsi, Abdulla Şaiq küçəsi, Mirzəağa Əliyev küçəsi, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi və Puşkin küçəsi üzrə təşkil ediləcək.
149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə, yəni “Lökbatan” NMM-ə qədər, 195E nömrəli marşrut isə Ələt qəsəbəsindən həmin istiqamətə xidmət göstərəcək.
Formula-1 yarışları ilə əlaqədar 72 və E1 nömrəli marşrutların fəaliyyəti də müvəqqəti olaraq dayandırılacaq.
Başlıq: Formula-1 Bakıda avtobus marşrutlarının hərəkət sxemini dəyişir
