İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə “Avtovağzal” və “Xocəsən” metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib.
Bu qərarın əsas məqsədi xüsusilə Sumqayıt, Xırdalan və Bakı–Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin “20 Yanvar” və “Şamaxinka” ərazilərinə daxil olmadan metrodan istifadə etməsinə şərait yaratmaqdır.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, sərnişinlərin “Avtovağzal” və “Xocəsən” stansiyalarına yönləndirilməsi üçün girişin pulsuz olması müəyyən stimul yaradır.
Ekspertin sözlərinə görə, güzəşt ayrı-ayrı sərnişinlər üçün kiçik görünsə də, gündəlik, həftəlik və aylıq hesablamalarda müəyyən qənaət yarada bilər.
O qeyd edib ki, tətbiq müvəqqəti xarakter daşısa da, “20 Yanvar” və “Əcəmi” stansiyalarında sərnişin sıxlığının azalmasına müsbət təsir göstərir. Hazırda “Avtovağzal” və “Xocəsən” stansiyalarından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur ki, bu da sərnişin axınının digər stansiyalarda nisbətən azalmasına şərait yaradır.
