Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemləri üzrə xidmət haqlarına yenidən baxıb. Yeni tariflərə əsasən, bir sıra ödəniş sistemləri üzrə xidmət haqlarının yuxarı həddi aşağı salınıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, dəyişikliklər AMB İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə təsdiqlənib.
Yeni tarif siyasətinə uyğun olaraq, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə 1,5 dəfə azaldılıb.
Yeni modeldə xidmət haqları əməliyyatın həyata keçirildiyi vaxtdan asılı olmayaraq, köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilmiş intervallar üzrə sabit məbləğlərlə hesablanacaq.
İnnovativ ödəniş xidmətlərinin əlçatanlığının artırılması məqsədilə Ani Ödənişlər Sistemi (AÖS) üzrə tariflər digər ödəniş sistemləri ilə müqayisədə daha aşağı müəyyən edilib. Bu sistem vasitəsilə günün 24 saatı, həftənin 7 günü real vaxt rejimində hesablaşmalar aparmaq mümkündür.
AÖS istifadəçilərə sadə identifikatorlardan yararlanmaqla bank hesabları arasında pul köçürmələri etməyə və vəsaiti dərhal hesaba qəbul etməyə imkan verir. Bu isə maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsinə və likvidliyin artırılmasına şərait yaradır.
Tarif dəyişiklikləri Banklararası Kart Mərkəzini (BKM) də əhatə edir. Belə ki, mərkəz üzrə xidmət haqları yenilənib və kartdan köçürmə əməliyyatlarının emalı üçün müvafiq tariflər müəyyənləşdirilib.
AMB-nin yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləmək və istifadəçilərin ödədiyi xidmət haqlarını optimallaşdırmaq məqsədi daşıyır.
Yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Sistemlər üzrə tariflərlə Azərbaycan Mərkəzi Bankının müvafiq məlumatı vasitəsilə tanış olmaq mümkündür.
