Birillik əkin sahələri üzrə fəaliyyət göstərən fermerlər üçün yeni maliyyə dəstəyi mexanizmi istifadəyə veriləcək.
İLKİNxeber.az xəbər verir ki, təşəbbüs kənd təsərrüfatında maliyyə resurslarına çıxışın genişləndirilməsi və özəl investisiyaların sektora cəlb olunmasına xidmət edir.
Yeni qaydalara əsasən, fermerlərin əkin işləri ilə bağlı götürdükləri kreditlərin faiz yükünün əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq. Aqrar Subsidiya Şurasının qərarı ilə bu kreditlər üzrə illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur.
Güzəştli maliyyələşdirmədən taxıl və paxlalı bitkilər yetişdirən təsərrüfatlarla yanaşı, qarğıdalı, çəltik, darı, sorqo, günəbaxan, kartof, tərəvəz və bostan məhsulları istehsalçıları da yararlana biləcəklər.
Eyni zamanda pambıq, tütün, şəkər çuğunduru və soya əkinləri ilə məşğul olan fermerlər də dəstək proqramının əhatə dairəsinə daxil ediliblər.
Nazirlik hesab edir ki, yeni mexanizm aqrar istehsalın genişlənməsinə, fermerlərin maliyyə imkanlarının artmasına və məhsuldarlığın yüksəlməsinə əlavə stimul verəcək.
