İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan ilə İtaliya arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Belə ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da ölkəmizdə səfərdə olan İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru, admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Zakir Həsənov iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin, xüsusilə də müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir Azərbaycan-İtaliya əlaqələrinin hərbi istiqamətdə də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Admiral Giacinto Ottaviani isə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Qonaq, həmçinin, Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın hər iki ölkənin müdafiə potensialının güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko da iştirak edib. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
